Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın nüfuzlu dövlət qurumlarının rəsmiləri, eləcə də özəl qurumlardan, ali təhsil ocaqlarından nümayəndələr, Türkiyə, Rusiya, Ukrayna, Makedoniyanın qabaqcıl universitetlərindən elm adamları qatılıb.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova beynəlxalq konfransın işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı ilə bağlı tədqiqatlara töhfə verəcəyini vurğulayıb. Konfransın Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafını, iqtisadi potensialının qiymətləndirilməsini, Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial, mədəni həyatına qovuşmasını hədəflədiyini deyib. Bu baxımdan konfransın əhəmiyyətini diqqətə çatdırıb, gələcək hədəflər və istiqamətlər üzrə mənbə formalaşdıracağını söyləyib.

Qeyd edək ki, beynəlxalq konfrans 5 bölmədə 2 gün davam edəcək.