Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Rusiyanı həbsxanada ölən dissident Aleksey Navalnının ölümü ilə bağlı effektiv araşdırma aparmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Şurasından verilən açıqlamada bildirilib. 

Açıqlamaya görə, baş katib Buriç Strasburqda Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə görüşüb.

Buric Navalnıya həyat yoldaşının ölümü ilə bağlı başsağlığı verib və bildirib ki, Navalnının ölümünü onun əvvəllər məruz qaldığı insan haqları pozuntularından ayırmaq olmaz.

Bu pozuntular arasında Navalnını zəhərləmək cəhdi və qeyri-insani və ləyaqəti alçaldan rəftarın olduğunu qeyd edən Buric bu vəziyyətə görə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını bildirib.

Buric bəyan edib ki, Rusiya Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarına, o cümlədən Navalnı ilə bağlı qərarlara əməl etməlidir.

Avropa Şurasının baş katibi Rusiyadan Navalnının ölümü ilə bağlı səmərəli araşdırma aparmağı tələb edib.