Bir neçə gün əvvəl ölkə və dünya gündəmini müzakirə edərkən, dostlardan biri belə bir sual verdi: “Səmimi cavab verin, siz Arayikin yerinə olsaydınız, indiki məqamda nə edərdiniz?” 

Quruluşu sadə, məğzi qəliz bir sualdır. Eyni zamanda cavabsız da deyil. Düşünməyə başladım. 

Arayik Harutyunyan Xankəndidə doğulub. Orada təhsil alıb. O, doğulanda Xankəndi artıq Stepanakert adlanırdı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret vermiş, həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunmuşdu. Həmin ilin sentyabrında isə şəhər bolşevik inqilabçısı və 26 Bakı komissarının rəhbəri olmuş Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılıb.

Erməni separatçıları Xankəndidə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə və qanlı cinayətlərə əl atanda, təqvim 1988-ci ili göstərirdi. Onda Arayikin 15 yaşı vardı. Bığ yeri yenicə tərləyən yeniyetmə yəqin ki, həmin ilin sentyabrında Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı qızın zorlanmasını, azərbaycanlıların yaşadığı evlərə edilən basqınları və qətlləri xatırlayır. İki gün ərzində azərbaycanlılara məxsus 63 ev yandırılmış, 270-dən çox ev qarət olunmuşdu. Nə bilmək olar, bəlkə də qarətçilərin arasında yeniyetmə Arayik də olub. Bu ehtimaldır. Amma faktlar bütün ehtimalları kölgədə qoyur. 
Fakt isə ondan ibarətdir ki, Qarabağ xanlığı tərəfindən 18-ci əsrdə əsası qoyulmuş şəhər xanın kəndi olduğu üçün Xankəndi adlandırılmışdı. Hər halda bu ad hadisələrə neytral gözlə baxanda belə, 1923-cü ildə qoyulan qondarma addan daha qədimdir, ən azı tarixi keçmişi var. Arayik bunu əlbəttə yaxşı bilir. 

1991-ci ildə Azərbaycan SSR Ali sovetinin qərarı ilə şəhərin əvvəlki adı (Xankəndi) bərpa olunanda, Arayikin 18 yaşı vardı. Xankəndidəki fizika-riyaziyyat təmayüllü məktəbi bitirən gənc yəqin ki, riyazi dəqiqliklə xatırlayır bu hadisələri. Məktəbi bitirdikdən sonra Qarabağdakı qanunsuz silahlı dəstələrə qoşulan Arayik faktiki olaraq Qarabağ müharibəsində iştirak etmiş, doğulduğu şəhərin de-yure və de-fakto aid olduğu ölkəyə, Azərbaycana qarşı döyüşmüşdür. 

Hələ Vətən müharibəsinin qaynar çağında Baş Prokuror Kamran Əliyev ictimaiyyətə məlumat verdi ki, A.Harutyunyan barəsində 15 maddə üzrə cinayət işi başlanıb və barəsində beynəlxalq axtarış elan edilib. Aydındır ki, paytaxt Bakıdan 329 km məsafədə yerləşən, Şuşadan adi gözlə görünən şəhərə daxil olmaq və Arayikin qollarına qandal vurmaq Azərbaycanın güc strukturları üçün çətin məsələ deyil. Sadəcə olaraq rəsmi Bakı maksimum səbrli davranaraq sözügedən şəxsin və digər separatçıların qan tökülmədən təslim olmasına və problemin dinc şəkildə həllinə çalışır. Bəs Arayik və dəstəsi nəyə çalışır? 44 günlük müharibə onlara dərs olmadımı?

Görəsən Arayik “ziyanın yarısından da qayıtmaq xeyirdir” misalını bilirmi? Anlayırmı ki, onsuz da məsuliyyətdən yaxa qurtara bilməyəcək? Düşünürmü ki, qanunsuz silahlı dəstələri tərkisilah edərək problemin qan tökülmədən həllinə nail olması onun günahlarını azaltmasa da, cəzasını yüngülləşdirə bilər? Ya düşünür, amma dilə gətirə bilmir. Ya da düşünmür, düşünə bilmir, buna siyasi savadı, bir insan kimi ağlı, məntiqi çatmır. 

İndi isə gəlirik yazının əvvəlindəki həmin ironik və ikonik suala: “Siz Arayikin yerinə olsaydınız, nə edərdiniz?” 

Yazı müəllifi olaraq cavaba özümdən başlayım. Deyək ki, Arayik Harutyunyanın yerində mənəm. Faktiki mənzərəni qısaca təsvir edək: Xankəndi erməniləri aclıq oyunları nümayiş etdirir, saxta humanitar böhran mənzərəsi yaradılıb, Rusiya sülhməramlıları onlara kömək edə bilmir (və ya etmir), dünya ictimaiyyəti prosesi müşahidə edir, Azərbaycanın isə beynəlxalq hüquqa söykənən tələbi dəyişmir. Belə olan halda nə etməli? 

Mən Arayikin yerinə olsaydım, əvvəla baş verənləri ayıq başla analiz edib özüm üçün bir yol xəritəsi cızardım. Ona görə ayıq başla ki, nəticə faciəvi olmasın. 30 ildir qurduqları “dövlət”i nəinki dünya, heç Ermənistan özü tanımır. “Artsax” faktiki olaraq yerlə yeksan olub. Revanşist əhval-ruhiyyənin axırı yoxdur. Üstəlik dünyadan da dəstək gəlmir. O gün Arayik özü etiraf etdi ki, “dünya bizi Azərbaycanla üz-üzə qoyub”. Başqa necə olmalıdır ki? Dünya ölkələri beynəlxalq hüquqa söykənir. Azərbaycan əvvəl-axır o ərazilərə daxil olacaq. Əgər Arayik Azərbaycan ərazisində yaşayan həmyerlilərini səmimi qəlbdən sevirsə, onları nəticəsi olmayan bir məqsədə görə qırğına verməməlidir. Bir ovuc erməninin başqa çıxış yolu yoxdur: Azərbaycanı sevmirlərsə, çıxıb gedə bilərlər. Sevirlərsə, qalıb qanunlarımızı qəbul etməlidirlər. Ona görə də A.Harutyunyan üçün indiki məqamda yeganə doğru yol bu reallıqları anlayıb, qəbul edib öz toplumuna izah etməkdir. Keçir kamera qarşısına və erməni ictimaiyyətinə səmimi bir videomüraciət edir. Yəni mən olsam belə edərdim. Hər kəsə başqa çıxış yolumuzun olmadığını bildirər, qurulan “dövlət”in heç Ermənistan tərəfindən tanınmadığını dönə-dönə qeyd edər və əlavə edərdim ki, bu coğrafiyada dinc şəkildə yaşamağın yeganə yolu separatizmdən imtinadan keçir. Mən açıq şəkildə bölgədə yaşayan ermənilərin xoşbəxt və sülh içində yaşamasını arzuladığımı bildirər, daha gənclərimizin ölməsini istəmədiyimi videomüraciətimdə ən səmimi hislərimlə ifadə edərdim. 

Bilirəm ki, belə bir çıxış edərsə, revanşist ermənilər Arayiki parçalamaq üçün növbəyə dayanar. Amma həm də müharibədən, mənasız bir məqsəd uğrunda ölməkdən, qondarma dövlətin “vətəndaş”ı olmaqdan, məhrumiyyətlərdən, yoxsulluqdan yorulan xeyli insan da ona dəstəyini ifadə edər. 

Arayikin günahı çoxdur. O, sözsüz ki, ədalət məhkəməsinə çəkiləcək. Amma belə bir addım atarsa, həm də tarixdə az da olsa problemin həllinə töhfə verən şəxs kimi də xatırlana bilər. Ən azı bölgədəki problemin qan tökülmədən həllinə çalışan və müsbət presedent yaradan bir şəxs kimi öz cəzasını yüngülləşdirmiş olar.

Vətən uğrunda ölmək şərəfdir. Amma heç kimin tanımadığı, sonu olmayan qurama bir “dövlət” uğrunda ölmək axmaqlıqdır. Arayik Harutyunyan savaş və qisas yolunu seçərsə, ən azı bu coğrafiyada yaşayan və gələcəkdə doğulacaq ermənilər tərəfindən həmişə lənətlə xatırlanacaq. Çünki belə bir qərarla o, faktiki olaraq bir qrup əlisilahlı ermənini Azərbaycan ordusu üçün legitim hədəf edəcək, lori dillə desək, “xalxın balası”nı qırğına vermiş olacaq. Nəticə isə yenə dəyişməyəcək. Əvəzində öz cəzasını daha da ağırlaşdırmış olacaq. O da hələ sağ qalsa. 

Çətin vəziyyətdir. Hər şeyi etiraf edib təslim olsan, erməni toplumunun qəzəbi səni gözləyir. Qisas yolunu seçsən, Azərbaycan ordusunun hədəfindəsən. Bu dilemma qarşısında, adamın ağlına bir cümlə gəlir: “Mən Arayikin yerinə olmaq istəməzdim”. 

 

Rahil Sayadoğlu