İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 51 aqroparkın idarəçiliyini həyata keçirir.

Iqtısadıyyat.az xəbər verir ki, bu aqroparkların 40-da taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. Belə ki, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. Bunun da 88,8 min tonu ərzaqlıq, 31,4 min tonu toxumluq, 32 min tonu isə yemlik buğdanın payına düşür. Aqroparklarda buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən yüksəkdir (ölkə üzrə orta göstərici 3,2 ton/ha). Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub.

Bir neçə aqroparkda buğda və arpa üzrə orta məhsuldarlıq 6-7 ton/ha (ölkə üzrə 3,2 ton/ha), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton/ha), şəkər çuğunduru üzrə isə 80 ton/ha (ölkə üzrə 43 ton/ha) təşkil edib.

Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində cari il ərzində aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur.

Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır. Bu isə ölkənin taxılla təminatına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir.