“Aqroekspress” layihəsi çərçivəsində 1000 tonadək meyvə və tərəvəz məhsulları 20 vaqondan ibarət sürətli qatar vasitəsilə Astara stansiyasından Rusiyanın Dərbənd stansiyasına yola salınıb.

Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Astara stansiyasının “Aqroekspress” sürətli yükdaşımalar marşrutuna daxil edilməsi bu xidmətin Azərbaycanda miqyasının genişləndirilməsinə, habelə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində imkanlarının artırılmasına yönəlmiş növbəti addımdır.

Qeyd edək ki, fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vaqondan ibarət sürətli qatar vasitəsilə Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.