Azərbaycan Mərkəzi Bankı bu il üzrə inlfyasiya proqnozunu yenidən sabit saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMB-nin pul siyasəti ilə bağlı qərarında bildirilib.

Qeyd edilib ki, inflyasiya amilləri balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməsə də, strukturunda yerdəyişmələr olub. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər. 2023-cü ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.7% artıb. Qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır.

Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3% olacağı proqnozu dəyişməz qalır. Mərkəzi Bank əlavə edib ki, sadalanan faktorlarla yanaşı son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.