“Alpenfood Group” MMC barəsində cərimə protokol tərtib edilib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol yazılıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

İş hakim Abbas Rzayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, “Alpenfood Group” MMC barəsində daha əvvəl eyni maddə ilə cərimə protokolu tərtib edilib.

Xatırladaq ki, 430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.