Belə bir deyim var: "Sevgi qurtaran yerdə, xəyanət başlayır". 

Azərbaycanda gənc ailələr arasında boşanmaların sayında artım müşahidə olunur. Statistikaya görə, cari ilin birinci rübündə 5118 boşanma halı qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfəri üzrə boşanmaların sayı 1,5-dən 2,0-a qədər artıb. Araşdırmaya görə, boşanmaların əsas səbəblərindən biri də xəyanətdir. Hesab olunur ki, xəyanətə ən çox meyilli olan tərəf kişilərdir. Qadınlar monoqam, kişilərsə poliqamdır. Kişi daim həyəcan axtarışında olur. Ona görə kişi sevə-sevə də xəyanət edə bilər. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının dosenti Lamiyə Qurbanova İqtisadiyyat.az-a müsahibəsində ailə münasibətlərinə toxunub və xəyanətə səbəb olan amillərdən danışıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Lamiyə xanım, bir insan hansı halda xəyanət edə bilər?

- Bu yaxınlarda psixologiya mərkəzlərinin birində işləyən praktik psixoloqlardan biri mənimlə məsləhətləşmə aparmaq istədiyini bildirdi və görüşdük. Söhbət əsasında çox ciddi bir problemlə qarşılaşdığını qeyd etdi. Mənim pasientlərim arasında da belə problemlər vardı, ancaq gənc kolleqamdan da bu faktı eşitməyim artıq məsələnin daha geniş miqyas almasına işarə idi. Belə ki, gənc yaşda ailə qurmuş xanımlar ərləri ilə cinsi münasibətlərindən şikayət edərək seksual şiddətə məruz qalmalarından gileylənib boşanmaq istədiklərini bildirirlər. Ailənin seksual funksiyası var və bunu ailə quracaq insanlar bilir ki, ödəməlidirlər, bəs seksual şiddət, zorakılıq nədir? Bəlkə, ailə quran qızlar, özü də müasir qızlar cinsi münasibətlərdən xəbərsizdir? Təbii ki, məlumatlıdırlar. Bundan başqa, ər-arvad arasında psixoloji və fizioloji uyğunsuzluq motivi, qadınlığın özünütəsdiq motivi, həyat yoldaşını hər hansı narazılığa görə cəzalandırma motivi, təhdidə məruz qalma motivi, uzunmüddətli ayrı qalmaq motivi və s. amillər də xəyanətə yol açır. 

Lamiyə Mehdi qızı Qurbanova

- Bəs onda niyə belə vəziyyət yaranır? 

- Belə pasientlərlə söhbətlərdən bəlli olur ki, ərləri yataqda onlardan cinsi münasibətlərdə peşəkarlıq nümayiş etdirməyi gözləyirlər. Qadından ata evindən seksual tərbiyə ilə gəlməsini tələb etmək olarmı? Əlbəttə, xeyr. Qadından ata evindən əxlaqi tərbiyə ilə gəlməsi tələb edilə bilər və bir də bax gör kimin qızını alırsan? Yaxşı kişinin qızını alırsansa, hansı ixtiyarla sonra həmin qıza verilən tərbiyəni dəyişməyə çalışırsan? Qadına seksual tərbiyəni, təcrübəni əri verir. Sual yarana bilər ki, bəs kişiyə seksual tərbiyəni, təcrübəni kim verir? Tərbiyə prosesində insanın savadının, dünyagörüşünün iştirak etməsi faktdır. Bu fakt seksual tərbiyəyə də aiddir.

- Seksual tərbiyə ilə cinsi tərbiyənin fərqi nədir?

 - Cinsi tərbiyə - cinslərarası səmimiyyətə, məsuliyyətli ailəliyə və valideynliyə istiqamətlənmiş kişi və qadın şəxsiyyətinin formalaşdırılması prosesidir. Seksual tərbiyə isə yataq münasibətlərində davranış tərzinin formalaşdırılması, tərbiyəsi prosesidir. Seksual tərbiyələrini və təcrübələrini əxlaqsız həyat sürən qadınlardan almış bəzi kişilər özləri də bilmədən təmiz ailəsinə bu münasibətləri daxil edirlər. Elə bilirlər ki, əxlaqsızların yaydığı seksual münasibətlər əxlaqlı qadınlar tərəfindən də qəbul edilir. Çoxlu sayda kişilərdən alınan seksual təcrübələrlə yeni müştərisi qarşısında “performans” nümayiş etdirən küçə qadını ilə necə təcrübəsiz ev qadınını bir tutmaq olar?! Təəssüflər olsun ki, indi vəziyyət çox gərgindir: seksual subyekt kimi müştəriyə çıxanlar öz dırnaqarası gəlir “obyekt”lərinin qiymətini o həddə qədər qaldırıblar ki, zəhmət çəkən, evdə kişilərinə hər cür namusla qulluq edən qadınlara həm geyimləri, həm baxımlılıqları, həm də yaşadıqları komfortlu həyat tərzləri ilə “yanıq” verirlər. Evində öz qadını qarşısında dırnaqarası “kişilik” nümayiş etdirənlər isə belələrinə “can” deyib növbə gözləyirlər. Namuslu xanımla ailə həyatı quran gənc oğlanlar həyat yoldaşları ilə yataq davranışlarını yaxşı olar ki, kişi psixoloqlarından və ya digər seksoloqlardan məsləhətləşsinlər. Verdiyiniz sualın cavabının kökü də əksər hallarda qeyd etdiyim faktlardan qaynaqlanır. Məsələn, evdəkindən çöl qadını ilə yaşadığını gözləyir, gözləntisi boşa çıxanda çölə meyillənir. 

- Xəyanətə uğrayan qadın necə davranmalıdır?

- İlk olaraq xəyanətə uğrayan kişilərə məsləhət verim: Boşanın. Namusunu qoruya bilməyən qadına heç nəyi etibar etmək olmaz. Qadın namusu bizim cəmiyyətdə nəslin namusudur. Vurmayın, öldürməyin, boşayın getsin. Namussuz qadına görə gedib türmələrdə çürüməyə dəyməz. 

Xəyanətə uğrayan qadınlara isə tövsiyəm budur ki, xəyanət motivini dəqiqləşdirin. Bəlkə yaxşı qazancı olan həyat yoldaşınızı “ovlamaq” istəyənlər var? Bəlkə sizin ailənizə paxıllıq edib dağıtmaq istəyən var? Və ya uzun müddət həyat yoldaşı kimi əziyyət çəkib formalaşdırdığınız ərinizə sahib çıxmaq istəyən var? Müxtəlif suallar yarana bilər. Ona görə də əsas motivi dəqiqləşdirin, sonra atacağınız addımlara qərar verərsiniz. 

%D0%BD%D0%B5-%D1%85%D0%B2%D0%B0%D1%82%D0%B0%D0%B5%D1%82-%D0%B2%D0%BD%D0%B8%D0%BC%D0%B0%D0%BD%D0%B8%D1%8F-%D0%BE%D1%82-%D0%BC%D1%83%D0%B6%D0%B0.jpg

- Bəs, hansı profilaktik tədbirlər görülə bilər?

- Vaxtaşırı xəyanətlə bağlı risk ehtimallarını dəqiqləşdirmək və bu ehtimallara səbəb olan faktorları aradan qaldırmaq lazımdır. Eyni zamanda tərəf müqabilinin psixoloji xüsusiyyətlərini dərindən öyrənmək və ona uyğunlaşmaq, ailədə yüksək psixoloji sakitlik mühiti yaratmaq, tez-tez ailə gəzintiləri təşkil etmək, ailənin perspektivi ilə bağlı pozitiv söhbətlər aparmaq, bezikdirici qısqanclıq səhnələrinə yol verməmək, xarici görkəmdə tərəf müqabilinin seksual hisslərini oyadacaq dəyişikliklər etmək və seksual münasibətlərin sevgidən qaynaqlandığını hiss etdirmək profilaktik tədbirlərə daxildir.

- Bir evliliyi xəyanət daha tez bitirər, yoxsa şübhə və inamsızlıq?

- Xəyanət, şübhə, inamsızlıq... Hamısı evliliyi bitirər, heç bunlar olmadan da o qədər boş səbəblər var ki, evliliyi bitirir... Evlənmək asandır, evli olmaq çətin. Evliliyi sürdürmək üçün ailəyə hazırlıq olmalıdır, ailənin mahiyyətini dərk etməlisən. Evlənmək xatirinə evlənmək olmaz. 

- Bəzən olur ki, xəyanət edən insanlar səhvini başa düşür və peşman olduğunu deyir. Belə insanları bağışlamaq doğrudurmu?

- “Tarixin unutqanlığı onun təkrarlanmağına səbəb olur” deyilir. Bu kontekstdə boşluqları aradan qaldırmaq üçün psixoloq mütəxəssislərə müraciət etmək lazımdır. Çünki hər bir ailə, insan və münasibət fərdi yanaşma tələb edir.

- İtən güvəni necə bərpa etmək olar? Xəyanətə uğradığını düşünən insan toparlana bilərmi?

- Çox sayda xəyanətə uğramış, ailəsini dağıtmamaq üçün həyat yoldaşını bağışlamış qadın pasientlərim olub. Psixoloji yardımdan sonra güvənləri də bərpa olunub, özlərini də toparlayıblar və hətta qat-qat əvvəlki durumlarından güclü vəziyyət alıblar. Elə xəyanət edən kişi pasientlərim də olub ki, xəyanəti qıraqda çay içməyə bənzədiblər. Elələri olub ki, yorğun qadınına əziyyət verməmək üçün heyvani şəhvətini kənarda ödədiyini söyləyib. İzlədiyim ən dəhşətli xəyanət mənəvi xəyanət olub: evləndiyi qadının bacısını sevib, xəyallarında onu arzulayıb. Bir sözlə, səbəblər fərqlidir. Ona görə də insanlar zərbə aldıqda toparlanmaq üçün psixoloqlara müraciət edə bilərlər.

Gülşən Şərif