Avropa İttifaqı iş yerlərində orta əmək haqqını şəffaf etmək və kişi və qadın işçilər arasında əmək haqqı fərqini aradan qaldırmaq üçün yeni qaydalar barədə razılığa gəlib.


İqtisadiyyat.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası iş yerlərində işçilər arasında əmək haqqı fərqlərini aradan qaldırmaq üçün hazırlanan yeni “əmək haqqı şəffaflığı” tənzimləməsi ilə bağlı Avropa Parlamenti (AP) ilə aparılan danışıqlarda razılıq əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, bərabər iş görən kişilərə və qadınlara eyni əmək haqqının ödənilməsi prinsipi bir sıra məcburi tədbirlərlə gücləndiriləcəkdir.

Ayrı-seçkiliyin qarşısını almaq üçün işəgötürənlər öz işçilərinə əmək haqqı və mümkün artımları müəyyən etmək üçün istifadə etdikləri obyektiv, gender baxımından neytral meyarlarla təmin etməli olacaqlar.

Bildirilib ki, fəhlələr və onların nümayəndələri eyni və ya oxşar işi görənlər üçün cinslərə görə fərdi əmək haqqı səviyyələrini və orta əmək haqqını tələb edə biləcəklər.