Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Fələstin-İsrail münaqişəsi ilə bağlı fövqəladə sammitə İsrail və Qəzzada həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel məlumat verib.

"Zirvə toplantısı İsrail və Fələstində həlak olan günahsız qurbanların, həmçinin Avropada son terror aktlarının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Terrorizmə, nifrətə nə Avropada, nə də dünyanın heç bir yerində yer yoxdur", - Mişel bildirib.

Qeyd edək ki, Avropa İttifaqının dövlət və hökumət başçıları Fələstin-İsrail münaqişəsi ilə əlaqədar videokonfrans vasitəsilə fövqəladə sammit keçirir. Avropa Şurasının jurnalistlərə verdiyi məlumata görə, sammitdə münaqişə və onun həlli istiqamətində Aİ-nin gələcək addımları ilə bağlı “səmimi müzakirə” gözlənilir. Bundan əlavə, ölkə liderləri münaqişənin Aİ-nin təhlükəsizliyi üçün nəticələrini, o cümlədən ittifaq ölkələrində sosial gərginliyin artması və mümkün miqrasiya axınlarını müzakirə etmək niyyətindədirlər.