ABŞ Konqresi 2024-cü maliyyə ilində bu məqsədlər üçün əlavə ayırmalar haqqında qanun layihəsini qəbul etməsə, Amerika administrasiyası Ukraynaya əlavə hərbi yardım göstərə bilməyəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.

"Ukraynaya dəstək üçün əlavə maliyyə olmasa, ABŞ ən azı birtərəfli qaydada hərbi yardım göstərməyə davam edə bilməyəcək", - deyə o qeyd edib.

"Bizim əlavə maliyyə vəsaitimiz olmalıdır ki, hərbi yardım göstərməyə davam edə bilək", - Kirbi təkrarlayıb. 

Eyni zamanda o, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-dən tədarükün dayandırılması səbəbindən artıq sursat və silah çatışmazlığı ilə üzləşib.