Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiyada inflyasiya proqnozlarını, əsasən Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan və Türkmənistandakı son qiymət dəyişikliklərini əks etdirərək, bu il üçün 7,7 %-dən 8,6 %-dək yüksəldib.

Bu barədə ADB-nin hesabatında xəbər verilir.

Hesabata əsasən, gələn il üçün isə inflyasiya proqnozu 6,7 %-dən 7,3 %-ə yüksəlib.

ADB bildirir ki, Azərbaycanda inflyasiya, bu ilin 10 ayında elektrik enerjisi və təbii qaz tariflərinin artırılması və karantin rejiminin yumşaldılması pərakəndə satış bazarındakı qiymətlərə əlavə təzyiq yaratdığı üçün inflyasiya 5,7%-ə çatıb.

Gürcüstanda qlobal ərzaq və neft qiymətlərinin artması və kommunal xidmət tariflərinin artması nəticəsində illik inflyasiya 12,8 %-ə qədər sürətlənib. Qazaxıstanda bu ilin ilk 10 ayında orta inflyasiya 7,9 % olub, ərzaq qiymətləri isə 10,8 % artıb.

Ermənistanda təklifdə yaşanan şoklar, qlobal əmtəə qiymətlərinin artması və 2020-ci ilin oktyabrından 2021-ci ilin aprel ayına qədər olan dövrdə milli valyutasındakı ucuzlaşma səbəbi ilə, bu ilin 10 ayında infyasiya 6,9 %-ə yüksəlib.

Tacikistanda inflyasiya bu ilin 9 ayında mövsümi amilləri və pandemiya ilə bağlı xarici təklif şoklarının təsiri ilə 9,6 %-ə çatıb.

Türkmənistanda 2020-ci ildə ticarətdə yaşanan kəsintilər idxalı əngəlləyərək, ərzaq və digər malların qıtlığına səbəb olub, istehlak qiymətləri artımının 2021-ci ildə də davam etməsinə səbəb olub.