ABŞ və Britaniya qüvvələri şənbə günü Yəməndə Husi üsyançıları ilə əlaqəli 36 hədəfə zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən məlum olur ki, zərbələr Husilərin Qırmızı dənizdən keçən xarici ticarət gəmilərinə və döyüş gəmilərinə davam edən hücumlarına cavab olaraq Yəmənin 13 məntəqəsində 36 hədəfə endirilib. Bəyanatda qeyd olunub ki, bu dəqiq zərbələr Husilərin imkanlarını zəiflətmək və pozmaq üçün nəzərdə tutulub. Avstraliya, Bəhreyn, Böyük Britaniya, Danimarka, Kanada, Hollandiya və Yeni Zelandiya Amerika və Britaniya qüvvələrinə dəstək verib.

Zərbələrin hədəfləri yeraltı silah anbarları, raket sistemləri və qurğuları, hava hücumundan müdafiə sistemləri və radarlar olub. Sənəddə deyilir ki, ölkələr Qırmızı dənizdə gərginliyin azaldılması və sabitliyin bərpasına sadiqdirlər.

ABŞ Müdafiə naziri Lloyd Austin də açıqlamasında deyib: "Biz dünyanın ən mühüm su yollarından biri boyunca insanların həyatını və azad ticarətini qorumaqdan çəkinməyəcəyik".