Rusiya-Ukrayna müharibəsi davam etdikcə, hər iki tərəfin ehtiyatları tükənir. Bu hər iki ölkənin yardıma ehtiyacını daha da artırır. Həm Rusiya, həm Ukrayna tərəfdaş ölkələrlə işbirliklərinə gedərək itkilərini bərpa etməyə çalışır.

Ukraynaya Qərbin, xüsusilə ABŞ-nin böyük miqdarda maliyyə və hərbi yardım etdiyi məlumdur. Rusiyanın işğalı başlayandan bəri Ukrayna 100 milyard dollar yardım alıb. Bunu Ukrayna mətbuatına müsahibəsində ölkənin artıq keçmiş müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, bu məbləğ təkcə silah və hərbi texnikanı əhatə edir. Ukrayna təkcə ABŞ-dən 60 milyard dollar yardım alıb. Yardım kampaniyasında Avropa ölkələri də yer alır.

Bu günlərdə isə Ukraynaya yeni maliyyə vəsaitinin köçürülməsi gündəmə gəlib. Söhbət dondurulmuş Rusiya aktivlərindən gedir. 

İqtisadiyyat.az ABŞ mediasına istinadən xəbər verir ki, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi Rusiyanın bir milyard dollarlıq dondurulmuş aktivini Ukraynaya göndərməyi nəzərdən keçirir. 

2022-ci ilin fevralından, yəni Rusiyanın Ukraynaya irimiqyaslı hücumundan sonra ABŞ səlahiyyətliləri Rusiyanın dünya üzrə 1 milyard dollardan çox aktivini ya müsadirə edib, ya da müsadirəsinə yardım edib.

ABŞ Baş prokurorun birinci müavini Liza Monako mediaya açıqlamasında bildirib ki, onlar sözügedən vəsaitdən Ukrayna xalqının xeyrinə istifadə etmək üçün Konqresdən icazə istəyirlər.