O, dənizi həyatının mənası hesab edərək aylarla ailəsindən uzaqda olur. Gəmi kapitanı Nadir Abbasov böyük fədakarlıqla öz gəmisini müqəddəs əmanət olaraq qiymətləndirir.

İqtisadiyyat.az xəbər verir ki, AZƏRTAC uzaq gəmi kapitanı Nadir Abbasovla həmsöhbət olub.

Kapitan dənizə olan sevginin ona nəsildən keçdiyini bildirib: “Mən dənizçi nəslindənəm. Hər iki əmim, onların uşaqları və 3 qardaşım dənizçidir. Uşaqlığım onların danışdığı maraqlı səyahət xatirələrini dinləməklə keçib. Hər zaman onları özümə ideal olaraq görürdüm. Bu düşüncələr məni Bakı Dəniz Yolları Məktəbinə getməyə sövq etdi. İndi həmin məktəb Azərbaycan Dövlət Dəniz Akademiyası adlanır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində fəaliyyətə isə 1977-ci ildə başladım. Matrosluqdan gəmi kapitanlığına qədər pillə-pillə addımladım, bir çox vəzifədə fəaliyyət göstərdim. Hər kəs bizim peşənin çox çətin olduğunu düşünür. Ancaq öz peşəsini sevən, ixtisasını mükəmməl bilən insanlar üçün heç nə çətin deyil. Ümumiyyətlə, kapitan öz gəmisinin şəxsi həyətinə, sərnişinlər və ya daşınılan yüklərə cavabdehdir. Gəmidə xoşagəlməz hadisələrin baş verməməsi üçün heyət hər zaman nəzarətdə saxlanılmalıdır. Hər bir kapitan öz gəmisi daxilində kiçik birlik yaradır. Həmin birliyin daim hazır vəziyyətdə olması da kapitandan asılıdır. Düşünürəm ki, kapitan bir növ psixoloq olmalıdır. Çünki uzun müddət dənizdə olmaq insan psixologiyasına təsir edən amildir. Bu səbəbdən səfərdən öncə gəminin şəxsi heyəti ilə müəyyən danışıqlar aparıram. İllərin mənə verdiyi təcrübə həmin şəxslərin uzunmüddətli səfərə hazırlıq səviyyəsini ölçmək üçün kömək edir”.

 

 

N.Abbasov qeyd edib ki, gəmi səfərə çıxmazdan öncə hər bir kapitan yarana biləcək fövqəladə vəziyyəti nəzərə almalı, qabaqlayıcı tədbirlər görməlidir. Səfər zamanı fırtınadan qorunmaq üçün dənizdə gəmilərin sığınacaq yerləri var. Kapitan başına gələn təhlükəli hadisəni xatırlayaraq deyib: “1987-ci ilin qışında matros olaraq fəaliyyət göstərdiyim heyətlə birlikdə səfərə çıxdıq. O zamanlar hava proqnozunu öncədən müəyyən etmək üçün internet və ya avadanlıqlar yox idi. Səfər zamanı heç gözləmədiyimiz anda fırtına qopdu. Fırtına səbəbindən dənizdə gəmidən dəfələrlə böyük dalğalar yarandı. Gəminin bəzi avadanlıqları yararsız hala düşmüşdü. Limana sağ-salamat çatmağımız üçün qurban demişdim. Mən həmişə həmin gəmi haqda danışarkən onun kapitanına rəhmət oxuyuram. Çünki o, prosesi çox peşəkarlıqla idarə etdi. Həmin kapitan sonradan rəhmətə getsə də, mənim bu peşədə ixtisaslaşmağımda rolu böyükdür. Ümumiyyətlə, o dövrün avadanlıqları hazırda olduğu kimi müasir deyildi. Gəmiçilər havanı buludlara, ulduzlara baxaraq müəyyən edirdilər. Proqnozlar isə təbii ki, hər zaman özünü doğrultmurdu”.

 

Təcrübəli kapitan qış aylarında səfərə çıxmağın yaratdığı təhlükələrdən də danışıb: “Yayda havanın pisləşəcəyi 3 gün öncədən müəyyənləşir, qışda isə hava saatlar ərzində dəyişə bilir. Dənizlər və okeanlar buz bağlayır. Həmin buz kütlələri bəzən gözlə görünməsə də, struktura zərər verə biləcək ölçüdə olur. Xatırlayıram ki, 2005-ci ilin qışında şəxsi heyətim ilə birgə səfərdə idik. Həmin gün dənizdə hər hansı təhlükəli vəziyyət görmədim. Ancaq axşamı gəminin motorundan xoşagəlməz səslər gəlməyə başladı və sanki motor normadan daha çox gücə düşmüşdü. Anladım ki, gəmi buz kütləsinə batıb. Qısa bir zamanda gəminin istiqamətini dəyişib, onu həmin buz kütləsindən çıxartdım. Əgər sözügedən proses bir saat gec olsaydı, sözsüz ki, gəmi su alacaqdı. Hətta, gəmi bata da bilərdi”.

 

 

Peşəsi səbəbindən 40-dan çox ölkədə olan kapitan Nadir Abbasov bütün limanların, ölkələrin ona doğma olduğunu qeyd edib: “Səyahət etdiyim ölkələr içində bizi ən xoş qarşılayan Türkiyə, Qazaxıstan, Ukrayna limanları idi. Ancaq, limanlar hər zaman gəminin şəxsi heyətini xoş qarşılamır. Braziliya, Cənubi Amerika və ərəb ölkələrinin limanlarında bəzi tayfalar yaşayır. Onlar müasirlikdən olduqca uzaqdırlar. Bu kimi hallarda, xüsusilə axşamlar gəmidən çıxmağa icazə verilmir. Hətta həmin tayfalar bəzən gəmilərə oğurluq məqsədilə hücum edirlər. Onların bir çoxu öz aralarında fərqli dillərdə danışırlar və beynəlxalq dilləri bilmirlər.

Türk dövlətlərinə edilən səyahətlər isə olduqca maraqlı keçir. Çünki onların bayramları da bizim adət-ənənəyə uyğundur”.

 

Kapitan bütün dənizçilər üçün kabusa çevrilən quldurlar haqında da danışıb: “Bu peşənin daha bir təhlükəli məqamı isə dəniz quldurlarıdır. Xatırlayıram ki, Həştərxan limanından İranın Ənzəli limanına gedərkən Dağıstanın Mahaçqala limanından 30-40 kilometr yuxarıda küləyin sakitləşməsini gözləyirdik. Heyətdən mənə xəbər gəldi ki, bizim olduğumuz istiqamətə gəmi yaxınlaşır. Onların silahları və gəmilərindən quldur olduqları bilinirdi. Çox zaman quldurların əsas tələbi gəmidəki yük olur. Belə də oldu. Həmin gəmidən bir nəfər bizdən malları istədi. Biz isə tez bir zamanda lövbəri yığıb oradan uzaqlaşdıq. Həmin bölgə limana bir qədər yaxın idi. Bu səbəbdən onlar bizim gəmini müşayiət edə bilmədilər. Bəzi quldurlar gəminin şəxsi heyətindən girov götürürlər və müəyyən pul qarşılığında həmin şəxsləri geri qaytarırlar. Quldurluq ən çox Cənubi Afrikanın Somali dövləti ərazisinin sularında rast gəlinən haldır və ən təhlükəli quldurlar həmin yerlərlə müşahidə edilir. Bu səbəbdən həmin bölgəyə gedən gəmi heyətinə xüsusi təlimlər keçilir. Ümumiyyətlə, quldurluğun qarşısını almağa çalışılsa da, bu amil dənizçilik üçün ən təhlükəli hallardan biri olaraq qalır”.

 

 

Kapitan ixtisasını bilənlər üçün peşənin heç bir çətinliyi olmadığını qeyd etsə də, onun üçün ağır olan məqamlara toxunub: “Mənim üçün ən çətini ailəmdən aylarla uzaq olmaqdır. Hətta çox zaman bəzən dənizin müəyyən yerlərində telefon şəbəkəsində problem yaranır. Elə olub ki, bu səbəbdən ailəmdən aylarla xəbər almamışam”.

N.Abbasov kapitanlıq etdiyi müddət ərzində ən unudulmaz xatirəsini də bölüşüb: “İndi sərnişinlər ölkələrarası səyahətləri daha çox təyyarələr, avtomobillər vasitəsilə edir. Lakin əvvəllər gəmilərlə səyahət edən sərnişinlərin sayı daha çox idi. Xatırlayıram ki, mənim kapitanı olduğum gəmiyə bir ailə sərnişin kimi gəlmişdi. Ailənin xanımı 8 aylıq hamilə idi. Həmin ailənin ilk övladı mənin kapitanlıq etdiyim gəmidə səyahət zamanı dünyaya gəldi”.