110 ölkədə yaşayan 6,1 milyard insanın 1,1 milyardı yoxsulluqla mübarizə aparır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) məlumat yayıb.

Məlumata görə, aşağı gəlirli ölkələrdə yoxsulluq səviyyəsi 2020-2023-cü illər arasında artıb. Bu o deməkdir ki, 165 milyondan çox insan gündə 3,65 dollardan az pulla yaşayır.

Aşağı gəlirli ölkələrdə yaşayan bu 165 milyon insanın ən yoxsul 20%-i hələ də COVID-19 pandemiyasından əvvəlki səviyyələrdən aşağı yaşayır.

Dünyadakı hər 6 yoxsul insandan 5-i Cənubi Asiyada yaşayır. Dünya Bankının məlumatına görə, Cənubi Asiya iqtisadiyyatının bu il 5,8% artacağı gözlənilir. Bu artım tempinin pandemiyadan əvvəlkindən daha yavaş olduğu və inkişaf hədəflərinə çatmaq üçün kifayət etmədiyi qeyd edilir.

Qeyd edək ki, 1992-ci il dekabrın 22-də yoxsulluqla mübarizə ilə bağlı qəbul edilən qərarla Birləşmiş Millətlər Təşkilatı (BMT) 17 oktyabrı Ümumdünya Yoxsulluqla Mübarizə Günü elan edib. Bu kontekstdə BMT təşkil etdiyi tədbirlərlə beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etməyə çalışır.

 

Gözəl Həşimova