"Tik-Tok" platformasında tez-tez bu və ya digər formada azyaşlıların, yetkinlik yaşına çatmayan şəxslərin, eləcə də məktəblilərin iştirakı ilə qeyri-etik videolar çəkilərək paylaşılır. Bəzi hallarda kimlərsə izləyici və pul qazanmaq məqsədilə uşaqlardan istifadə edirlər, onların yanında aşağılayıcı, söyüş və təhqir dolu ifadələr səsləndirilir. Belə olan halda, situasiya azyaşlıların istismar olunduğu kimi dəyərləndirilə bilər. 

Bəs, sosial şəbəkələrdə bunun qarşısının alınması üçün mütəmadi olaraq monitorinqlər aparılmalıdırmı?

Milli Məclisin deputatı Hikmət Babaoğlu İqtisadiyyat.az-a açıqlamasında deyir ki, hazırda bir çox internet resursları kimi "Tik-Tok" da ictimai həyatımızın bir hissəsinə çevrilib.

Onun sözlərinə görə, "Tik-Tok", "Facebook" və digər internet resursları real cəmiyyətdə olan münasibətlərin bir növ virtual imikasıdır.

Kibertexnologiyalar vasitəsilə sosial şəbəkələrdə monitorinq aparılmalıdır

Deputat bildirib ki, real ictimai münasibətlərdə əxlaq, mənəviyyat, hüquq kimi universal dəyərlər mövcud olduğu kimi "Tik-Tok"da da bu dəyərlərin mövcudluğu labüddür: "Xüsusən insan hüquqları ilə bağlı real ictimai münasibətlərimizdə hansı ölçülər və cəza mexanizmləri varsa, mütləq "Tik-Tok"da və digər resurslarda da bunlar tətbiq olunmalıdır. Yəni hüququn tətbiqi artıq real ictimai münasibətlərdən virtual ictimai münasibətlərə də keçməlidir. Bu istiqamətdə Azərbaycanda müəyyən işlər görülür. Hesab edirəm ki, kibertexnologiyalar vasitəsilə sosial şəbəkələrdə monitorinq aparmaq mümkündür".

Cəzasızlıq mühitinin heç bir yerdə olmamasının vacibliyini vurğulayan deputat söyləyib ki, nəticə etibarilə virtual da olsa, bu, insanların ictimai münasibətlərinin bir hissəsidir: "Hər hansı bir cəzasızlıq mühiti anarxiya yaradır, eyni zamanda əxlaqi-mənəvi dəyərlərimizə çox böyük zərbə vurur, insanların yaşama və azadlıq hüququnu məhdudlaşdırır və s. Əgər "Tik-Tok"da hər hansı bir qeyri-mənəvi mühit varsa, buna qarşı mübarizə aparmaq bizim borcumuzdur. Virtual şəbəkə iştirakçıları ilə bağlı hüquqi məsuliyyət yaradan hallara qarşı hüquq mühafizə orqanları tərəfindən tədbirlər görülür. Hüquq mühafizə orqanlarımızın bu istiqamətdə çox müsbət fəaliyyəti var və bu davam etdirilməlidir".

Uşaqları "Tik-Tok"dan çıxarmayaq, "Tik-Tok"a müəllimləri dəvət edək

Təhsil eksperti Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bu gün şagirdlərin hər birinin əlində mobil telefon, planşet və yaxud internet resursrlarına çıxma imkanı var.

Pandemiya dövründə məhz onlayn dərslərə qoşulmaları üçün bu imkanların şagirdlərə verildiyini deyən ekspert ondan faydalı şəkildə istifadə olunmadığı üçün təəssüfləndiyini söyləyib:

"Əlbəttə, şagirdlərin hər birinin əlində mobil telefon olduqdan sonra onlar yaş xüsusiyyətlərinin ölçüsünə uyğun olmayan informasiyaları da qəbul edə bilirlər. Mövcud vəziyyət məcbur edir ki, biz onların qarşısına faydalı informasiyaları çıxara bilək. 4432 orta ümumtəhsil məktəbimizdə 150 min müəllim çalışır. Biz sosial platformalardan istifadə edən müəllimlərin əməkhaqlarını onların bu sosial platformalardan nə qədər faydalı istifadə etməsinə görə verməliyik. Məsələn, "Tik-Tok"da heç bir elmi təsiri olmayan, faydasız materiallara daha çox rast gəlinir. Amma biz hər bir müəllimin "Tik-Tok" hesabının olması ilə bağlı onların qarşısına tələb qoya bilərik. Orada hansısa videolar deyil, dərslərlə, paraqraflarla bağlı, eləcə də müəyyən dərslərin izahı ilə bağlı materiallar yerləşdirsinlər. Bu, həm orta məktəbə, həm də ali təhsil müəssisələrinə aiddir. Bununla da uşaqlar artıq sosial platformalara daxil olduqda özlərinə faydalı və kömək ola biləcək materiallar görə biləcəklər. Hesab edirəm ki,  məsələ ilə bu cür mübarizə aparılsa, daha yaxşı nəticə verə bilər".

Bu məsələdə valideynlər də daha  məsuliyyətli olmalıdırlar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dövlət bütün vətəndaşların, eləcə də azyaşlıların və yetkinlik yaşına çatmayanların hüquqlarını qoruyur.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən azyaşlıların və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması ilə bağlı mütəmadi olaraq maarifləndirici görüşlər və tədbirlər keçirilir: "Eyni zamanda, sosial şəbəkələrdə azyaşlı və yetkinlik yaşına çatmayan vətəndaşlarımızın zorakılığa məruz qalması ilə bağlı yayılmış istənilən görüntülər aidiyyəti qurumlarla birgə araşdırılır və buna hüquqi qiymət verilir. Sosial şəbəkələrə gəlincə, istifadəçilər bu platformalar vasitəsilə cəmiyyət üçün daha faydalı işlər görə və layihələr icra edə bilərlər. Reytinq xətrinə azyaşlılardan və yetkinlik yaşına çatmayanlardan sui-istifadə etmək, onların hüquqlarının pozulmasına gətirib çıxarılması yolverilməzdir. Düşünürəm ki, bu məsələdə valideynlər də daha  məsuliyyətli olmalıdırlar".

Valideynlər bunu diqqətdə saxlamalıdır

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev İqtisadiyyat.az-a açıqlamasında öz fikirlərini bölüşüb:

"Valideynlərə tövsiyəmiz övladlarının hərəkətinə, sosial şəbəkələrdən istifadə etmə vaxtına və qaydasına, eləcə də onların kimlərlə ünsiyyətdə olmasına fikir versinlər. Övladları məktəbilidirsə, təhsil ocaqlarında davamiyyətinə diqqət yetirsinlər. Hər hansısa bir şübhə yaradacaq hərəkət və davranışlar müşahidə olunarasa, artıq bu nəzərə alınmalı və valideynlər bunu diqqətdə saxlamalıdır. Həmçinin valideynlər övladları ilə bu barədə söhbət etməli və məsələni araşdırmalı, eləcə də sonradan övladı ilə bağlı hər hansısa bir neqativ hal yaşanmaması üçün səbəbini öyrənməlidir".

 

Sadiq Cavadov