Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron-1” yaşayış kompleksinin ərazisini üfunət bürüyüb.

Bu barədə İqtisadiyyat.az-ın redaksiyasına sakinlər tərəfindən məlumat daxil olub.

Onların sözlərinə görə, buna səbəb zibil qutularındakı məişət tullantılarının vaxtında daşınmamasıdır. Sakinlər deyir ki, məhz tullantıların vaxtında daşınmamasına görə ərazini üfunət bürüyür. 

Tullantıların daşınmasına görə hər ay kommunal haqq ödədiklərini söyləyən sakinlər yaşayış kompleksinin ərazisində antisanitar vəziyyətin hökm sürdüyünü iddia edirlər. Onlar bununla bağlı dəfələrlə kompleksin səlahiyyətli şəxslərinə müraciət ünvanladıqlarını, amma buna baxmayaraq, problemin həll olunmadığını bildirirlər.

İqtisadiyyat.az məsələ ilə bağlı “Kristal Abşeron”la əlaqə saxlayıb. Şirkətdən saytımıza bildirilib ki, məsələ ilə bağlı artıq şikayət daxil olub və sözügedən problemdən xəbərdardırlar: “Tərəfimizdən bu işlərə məsul olan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) müraciət edilib və tullantılar daşınıb, bununla da problem aradan qaldırılıb. Tullantıların daşınmasının yubanmasına səbəb isə zibil daşıyan avtomobildə texniki nasazlığın yaranması olub”.

Qeyd edək ki, qanunvericiliyə görə, küçələrin, həyətlərin və şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirilir. Balansında yaşayış binaları olan müəssisə, idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər cavabdeh olduğu ərazidə məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün tədbirlər görməyə və tullantıların uçotunun aparılmasına borcludurlar.