Vergi ödəyicilərində yoxlamalar həyata keçirilərkən vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul etmək üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmalıdırlar. Səyyar vergi yoxlaması zamanı ekspertlərin cəlb olunması ilə bağlı yararan suallara “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elnur Səmədzadə aydınıq gətirib.

İqtisadiyyat.az ekspertin fikirlərinə əsasən bildirir ki, səyyar vergi yoxlaması illik təqdim edilən tədiyyə növləri, yəni mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər tədiyyə növləri üzrə isə həmin yoxlamanın həyata keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Elnur Səmədzadə bildirir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə aid olmayan məsələlərin izah olunması üçün xüsusi bilik və təcrübə tələb olunur:

“Ortaya çıxan məsələlərin xüsusi biliklərə əsaslanaraq izahı üçün vergi orqanlarının vəzifəli şəxslərinin qərarına əsasən ekspertiza təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir.

 

 

Vergi orqanlarının vəzifəli şəxslərinin qərarına əsasən ekspertlər aşağıdakı işləri yerinə yetirirlər:

- kontraktın (müqavilənin, standartların, digər normativ sənədlərin tələblərinə uyğun olaraq), əmtəənin, məhsulun kəmiyyət və keyfiyyətinin ekspertizası;
- əmtəə və nəqliyyat vasitələrinin identifikasiyası;
- əmtəənin mənşə ölkəsinin müəyyən edilməsi;
- yükün, o cümlədən sığorta edilmiş yükün vəziyyətinin ekspertizası;
- keyfiyyətin itirilməsi nəzərə alınmaqla sığortaçıya dəyən zərərin dəyər ifadəsi və ya sığorta hadisəsinin başlanması zamanı faktiki kəmiyyəti;
- daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi;
- alğı-satqı, girov, səhmləşdirmə məqsədilə girov qoyulmuş əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi”.