Azərbaycanda provayderlərin internet xidməti göstərməsi aktual olaraq qalır. Onların haqqında, xidmətləri və əhatə dairəsi haqqında məlumatı haradan əldə etmək olar?

Iqtisadiyyat.az xəbər verir ki, sual ətrafında Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz danışıb. O, bildirib ki, provayderlərin sayı haqqında dəqiq məlumat yoxdur:

“Bizim müşahidələrimiz göstərir ki , ölkəmizdə təxminən 90 -dan çox provayder fəaliyyət göstərir.

Bunların içərisində 2 magistral(backbone) provayder, 2 dövlət provayderi, 3 mobil internet provayderi və 80-dən çox ikinci səviyyəli provayderlər var. Hansı ki, onlar da ADSL, GPON, LTE, kabel, mobil və digər fiber-optik texnologiyalar üzərindən xidmət göstərirlər. Provayderlərin sayı son bir-iki ildə, onlar üçün daha münbit şərait yaradılandan sonra kəskin artıb.

Belə demək mümkünsə, lisenziyalaşdırılmayan bir xidmət sahəsi olduğundan, kimsə bir şirkət qeydiyyatdan keçirir,  magistral provayderdən ya DeltaTelekom-la, yaxud da Azertelecom-la müqavilə bağlayaraq topdan  internet alır və mövcud telekommunikasiya infrastrukturundan maneəsiz istifadəçilərə satır.”

 

 

Mütəxəssis deyir ki, əvvəllər təxminən 50 provayderin siyahısı Nazirliyin saytında olub. Bir neçə il öncə provayderlərin məcburi uçotu ilə bağlı Telekommunikasiya haqqında qanuna dəyişiklik edildi və NK müvafiq Qaydaları təsdiqlədi:

"Uçotun aparılması RİNN-ə tapşırıldı. Bundan sonra həmin siyahı Nazirliyin saytından yığışdırıldı. Adı çəkilən qaydalar da kifayət qədər bəsit hazırlanıb, provayderdən sadəcə özü haqqında, xidmətləri və əhatə dairəsi haqqında RİNN-ə məlumat vermək tələb edilir. Müraciət də onlayn formada nəzərdə tutulub.

2018-ci ildən uçot və qeydiyyat Qaydaları qüvvədə olsa da indiyədək mövcud  provayderlərin dəqiq uçotu və siyahısı ortada yoxdur. Görünür ki, son illərdə RİNN tərəfindən aparılan yumşaq siyasət  provayderlərin sayının kəskin artmasına təsir etsə də, eyni zamanda onların uçotdan yayınmasına da səbəb olub. Uçotdan yayınmağın cəriməsi isə 1000-1500 manat müəyyən edilib. Hələlik belə bir cərimə haqqında da məlumatlar verilməyib.”

Osman Gündüz deyir ki, nazirlik indi belə bir siyahının hazırlanması üzərində işləyir. Provayderlər haqqında, onların xidmət göstərdiyi ərazi və xidmətləri haqqında  dəqiq və rəsmi məlumatlara ciddi ehtiyac var.

Ümid edirik RİNN tez bir zamanda bütün provayderlər haqqında uçot işlərini yekunlaşdırıb, ictimaiyyətə təqdim edəcək.