Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerləri “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursunda iştirak etməyə dəvət edir.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayımlayıb.

Məlumata görə,sahibkar və menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində keçiriləcək kursda iştirakçılara əyani və onlayn formatda təlimlər keçiriləcək, Almaniyaya səfər çərçivəsində şirkətlərlə təcrübə mübadiləsi aparılacaq və işgüzar əlaqələri genişləndiriləcək.

2022-2023-cü illəri əhatə edən və ingilis dilində təşkil olunacaq ixtisasartırma kursunu uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak ödənişsizdir.

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 14 mart 2022-ci il tarixinədək elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun iştirakçıları proqramın əlaqələndiricisi olan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən müsabiqə vasitəsilə seçiləcəkdir.

İxtisasartırma kursu, iştirak üçün lazımi sənədlər və namizədlərə dair tələblər barədə ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından əldə etmək olar: https://bit.ly/3JiiLc7