Azərbaycanda son aylarda müşahidə olunan qiymət artımı demək olar ki, bütün sahələri əhatə edir. Obyektiv və subyektiv səbəbləri olan bahalaşma avtomobil bazarına da təsir edibmi?

İqtisadiyyat.az-ın sorğusunu cavablandıran avtomobil eksperti Eldəniz Cəfərov bildirib ki, köhnə maşınların alışında və satışında kəskin qiymət artımı yoxdur, lakin bir istisna var:

“İkinci əl avtomobil bazarında mühərrik həcmi böyük olan, təxminən 3 min kub sm və daha yuxarı olan avtomobillərin qiymətlərində bir qədər enmə müşahidə edilir. Bunu da biz Aİ95 markalı benzinin qiymətinin və sığorta haqlarının yüksəlməsi ilə əlaqələndirə bilərik”.

 

 

E.Cəfərov qeyd edib ki, ekoloji cəhətdən təmiz komfortlu avtomobillərin defisiti hiss olunur:

“Dünyanın aparıcı avtomobil istehsalçıları müəyyən ehtiyat hissələrinin, daha dəqiq desək, yarımkeçiricilərin, çiplərin çatışmazlığı ucbatından belə maşınların istehsalında məhdudiyyətlər qoymağa məcbur olublar. Ona görə də hazırda elektromobillərin və hibrid avtomobillərin istehsalında bir qədər ləngimələr müşahidə olunur. Azərbaycanda bu növ avtomobilləri almaq istəyən vətəndaşlar 3 ay deyil, 6, 8 ay, hətta bəzən bir il gözləməli olurlar”.

Ötən ilin sonu, bu ilin əvvəli idxal olunan ekoloji təmiz və komfortlu nəqliyat vasitələrinin qiymətində 5 % artım müşahidə edildiyini qeyd edən E.Cəfərov bu il ən azı yaza qədər avtomobil bazarında kəskin qiymət artımı və ya enməsi müşahidə edilməyəcəyini də əlavə edib. Onun sözlərinə görə, bu il həmçinin nəqliyyat sektorunda elektrikləşmə ili olacaq:

“Bu il ölkədə elektriklə çalışan nəqliyat vasitələri, xüsusilə şəhərlərarası və şəhərdaxili ictimai nəqliyatda bu cür avtobuslar görə biləcəyik. Bakıda və ölkədə elektrikdoldurma məntəqələrinin sayının artırılmasını müşahidə edəcəyik”.

Eldəniz Cəfərov bu sahədə bəzi islahatların aparılmasına ehtiyac olduğunu vurğulayıb:

“Elektrikdoldurma məntəqəllərinin sayının artması üçün burada biznesin cəlbedici olması lazım. Məsələn, elektrik enerjisinin hüquqi şəxslərə güzəştli qiymətlərlə satılmasını təmin etmək lazımdır ki, həmin hüquqi şəxslər də elektrikdoldurma məntəqələrindən vətəndaşlara elektrik enerjisini müxtəlif güzəştli tariflərlə sata bilsinlər. Ümid edirik ki, bu il ərzində qanunvericikdə müəyyən dəyişiklik olacaq”.