Bakı Dövlət Universiteti (BDU) informasiya kommunikasiya texnologiyaları avadanlıqları alır.

İqtisadiyyat.az xəbər verir ki, ali təhsil müəssisəsi bununla bağlı "Everest 2022" şirkəti ilə müqavilə bağlayıb.

Avadanlıqlar sırasına monitor, onların idarəedilməsi pultu, mini kompüter, kamera, mikrafon, şarj qurğusu və s. daxildir.

İKT avadanlıqlarının alışı BDU-ya 1.444.952,53 manata başa gələcək.

Qeyd edək ki, BDU əvvəllər də sözügedən şirkətlə milyonluq müqavilə bağlayıb. Ötən ilin avqustunda BDU-nun "Everest 2022" ilə imzaladığı müqaviləyə uyğun olaraq, şirkətdən maliyyə dəyəri 1 402 369,66 manat olan məhsul alıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Everest-2022” MMC 11 aprel 2022-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.

Şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.