Son zamanlar Azərbaycanda mebel məhsullarının qiymətində artım müşahidə edilir. Həmçinin ölkədə idxal edilən mebellərin sayında da artım qeydə alınıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ay Azərbaycana 10,1 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub. Ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 1 milyon dollar çoxdur. Beləliklə, yerli istehsalla yanaşı bu məhsulların idxalında da artım baş verir.

İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a deyib ki, mebel idxalının artırılması, əslində, alıcıların xeyrinə olan məsələdir. Onun sözlərinə görə, idxal alternativ çeşidləri daha da zənginləşdirir, nəticədə bazarda məhsul bolluğu yaranır və bu da qiymətlərə təsir göstərir:

"Həmçinin yerli mebel istehsalçıları bütün seqmentlərə məhsul istehsal etmirlər. Məsələn, İtaliya, Türkiyə mebel markalarının yuxarı təbəqəyə yönəlmiş hissəsi və s. mövcuddur. Yerli mebel sənayesinin də özlərinin müştəri profili var. Yəni biri b, digəri c kateqoriyasına yönəlir və s. MDB-dən gələn hazır mebel məhsulları rüsumlardan azaddır. İstehsalçılar yalnız MDB-dən gələn hissələrlə deyil, həmçinin Türkiyə, İran, Çin, eləcə də Avropadan gələn aksessuarlardan da istifadə edərək mebel istehsal edirlər. Bu isə yerli istehsalçılar üçün problem yaradır və onlar istehsalda istifadə olunan bəzi xammal materiallara, yarımfabrikatlara vergi və əlavə rüsum ödəyirlər".

İqtisadçı ümumiyyətlə, Azərbaycanda meşə sənayesinin çox aşağı olduğunu , həmçinin ölkədə mebel istiqaməti üzrə kimya sənayesinin yaxşı inkişaf etmədiyini söyləyib: "Yəni Azərbaycanda mebel istehsalçıları ola bilər, amma əminliklə deyirəm ki, bu sahədə istifadə olunan xammal materialın 80-90%-i xaricdən gətirilir. Məsələn, taxta materialları, mebel istehsalında istifadəsi nəzərdə tutulan kağız, eləcə də dəmir materiallar xaricdən gətirilir. Yəni burada təkcə insan faktoru yerli kadrlardır, qalan avadanlıqları isə xaricdən alırıq. Bu baxımdan yerli istehsalçılar xaricdəkilərdən çox ucuz məhsul təqdim edə bilmirlər".

X.Kərimli həmçinin mebellərin qiymət artımından da danışıb: "Hətta bir ara artım səngimişdi. Lakin yenidən Rusiya və Belarusdan gətirilən taxta materiallarında 2023-cü ilin ikinci yarısından bahalaşma gedir. Həmçinin Türkiyədə ciddi inflyasiyanın olması oradan gətirilən mebel aksessuralarının qiymətlərini də artırıb. Bu da mebelin maya dəyərinin və nəticədə qiymətinin bahalaşmasına səbəb olur".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 1 paqon m mətbəx üçün mebel dəsti 380,12 manata satılıb. Əvvəlki illə müqayisədə mebel dəstinin qiyməti 13,14 manat (3,4%), bahalaşıb. 2022-ci ildə isə 1 paqon m mətbəx üçün mebel dəstinin qiyməti 366.69 manat təşkil edib.

Sadiq Cavadov