Azərbaycan iki aylıq fasilədən sonra 2020-ci ilin iyun ayında minik avtomobillərinin istehsalını bərpa edib.

Bu barədə Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-iyun ayları üzrə məlumatında deyilir.

Minik avtomobillərinin istehsalı koronavorus pandemiyası səbəbindən məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aprel ayında dayanmışdı.

Cari ilin yanvar-iyun aylarında 873 ədəd minik avtomobili (2019-cu ilin 6 ayının göstəricisi ilə müqayisədə azalma 22,5%) istehsal olunub.

İyunda 201 ədəd avtomobil istehsal edilib.

1 avqust 2020-ci il tarixinə anbarlarda 122 ədəd minik avtomobili var.

Bununla belə, may ayında dayandırılmış traktor istehsalı bərpa olunmayıb. Bütövlükdə yanvar-iyun aylarında Azərbaycanda cəmi 105 ədəd traktor (azalma 85%) istehsal edilib. 2020-ci il avqustun 1-nə anbarlarda 122 ədəd traktor var.

Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.

Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.

2019-cu ildə Azərbaycanda 2,36 min ədəd avtomobil istehsal olunub ki, bu da 2018-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur. 2019-cu ildə respublikada 905 ədəd müxtəlif təyinatlı traktor (azalma 30,5%) istehsal edilib.FED.az