"Fransanın ideoloji hərəkətləri dünyanın bəzi ölkələrində və regionlarında vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Ria" xəbər agentliyinə açıqlamasında deyib.

Zaxarova Fransa prezidenti Emmanuel Makronun terror təşkilatlarına qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmaq təklifini dəyərləndirib.

Bu təklifin Yaxın Şərqdə silahlı qarşıdurmaların artmasına və başqa ölkələrin də məsələyə qarışmasına səbəb ola biləcəyini deyən Zaxarova, Fransanın problemlərin kökünü görə bilmədiyini bildirib:

"Parisin ideoloji hərəkətləri çox vaxt əks effekt verir və bu, yalnız dünyanın bəzi ölkələrində və regionlarında vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarır. Əgər Fransa həqiqətən də regionda atəşkəs rejiminin yaradılmasına və qan tökülməsinin dayandırılması işinə töhfə vermək istəyirsə, bunun diplomatik yollarla həll edilməsinə dair mövqeyimizi dəstəkləyə bilər".

 

Gözəl Həşimova