Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8% üstələyərək 14,3 milyard manata bərabər olub.

İqtisadiyyat.Az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ticarət dövriyyəsinin 7,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4% və 3,1% artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 290,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 10,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.