Sosial şəbəkələrdə Xankəndi yolundakı etiraz aksiyasına dair bəzi yeniliklər paylaşılıb. Yayılan xəbərlərə görə, ərazidəki dəmir baryerlər yığışdırılıb, Rusiya sülhməramlıları isə geri çəkilib. Sözügedən iddia ilə bağlı ərazidə mütəmadi çəkilişlər aparan jurnalist Məhəmməd Türkmənlə əlaqə saxladıq.

O, İqtisadiyyat.az-a açıqlamasında dəmir baryerin götürüldüyünü təsdiqləyib. Bunun da səbəbsiz olmadığını qeyd edib: "Rusiya sülhməramlıları istəyirlər ki, baryeri aksiya iştirakçıları yerinə qoysun və onlar da bu anları çəkib yaysınlar ki, yolu etirazçılar bağlayıb. Çünki hər dəfə yolu ruslar açıb bağlayanda jurnalistlər bu anları çəkirdi və görünürdü ki, yolu məhz onlar bağlayıblar. İndi onların məqsədi yolun azərbaycanlılar tərəfindən bağlı saxlandığını nümayiş etdirməkdir".  

M.Türkmən sülhməramlıların geri çəkildiyini də əlavə edib: "Əvvəlki günlərdəki kimi daha üzbəüz dayanma yoxdur, Rusiya sülhməramlıları xeyli kənara çəkiliblər. Amma aksiya iştirakçıları yerlərindən tərpənmir. Ərazidə isə yenidənqurma işləri gedir. Aksiyanın əlverişsiz hava şəraitində də davam etdirilməsi üçün konteynerlər quraşdırılır".

Yeri gəlmişkən, sosial şəbəkələrdə Rusiya sülhməramlıları qüvvələrinin üzü maskalı bir üzvünün etirazçıların fotosunu çəkdiyini əks etdirən video yayılıb. Onun bunu hansı məqsədlə etdiyi məlum deyil.