"Vaqif Xaçatryanın dəstəsinin hücumu nəticəsində 25 şəhid verdik, 14 nəfər yaralandı. Ailəmin 9 üzvünü itirdim".

İqtisadiyyat.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Mikayıl Nurməmmədov deyib.

O bildirib ki, V.Xaçatryan və Badara sakinləri kəndə qəfil hücum edib: "Meşəliyə hücum edənlər sırf Badara kəndinin sakinləri idi. Moskvanın o vaxt yaydığı məlumata görə, guya onların da 100-dən çox itkisi olub. Amma yalandır. Bizim 25 şəhidimiz, 14 yaralımız oldu. Xocalı və OMON-çular bizə köməyə gəlməsəydi, hamımızı yandıracaqdılar. Ailəmizin 9 üzvü şəhid olub. Şəhidlərimizin əksəriyyətini yandırıb külünü göndərdilər. Vaqif deyir ki, o orda olmayıb. Bəs 25 nəfərimizi kim şəhid edib?".

***

10:20

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası bu gün keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə davam etdirilir.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.