Yeraltı təkanın bitməsi hələ təhlükənin sovuşması demək deyil. Zəlzələnin vurduğu zərəri minimuma endirmək üçün nə edəcəyini bilmək vacibdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, zəlzələdən sonra yaşayış yerinin vəziyyətini yoxlamaq lazımdır.

"Əgər təhlükəli hesab edilərsə, səlahiyyətli orqanlara məlumat verməli və müvəqqəti sığınacağa getməlisiniz, ya da tanışlarınız və ya ailə üzvlərinizlə qalmağınız tövsiyə olunur. Bu cür hallarda ən son məlumatları əldə etmək üçün rəsmi mənbələrə etibar etmək lazımdır.

Bununla yanaşı elektrik cərəyanları, propan təbii qaz xətləri və kimyəvi təhlükə mənbələri ilə ehtiyatlı olmaq tövsiyə edilir. Yaralandığınız halda zədələrinizin tibb işçiləri tərəfindən hərtərəfli qiymətləndirildiyindən əmin olmağınız lazımdır.

Həmçinin müəssisələr də zərər çəkə bilər və həmişə xəstələri qəbul etməyə bilər. Ona görə də hansı müəssisənin fəaliyyət göstərdiyini öyrənmək lazımdır. Hamilələrə vaxt itirmədən ən yaxındakı tibb müəssisəsi ilə əlaqə saxlamaq tövsiyə edilir.

Xroniki xəstəliyi olanlar çantasında müvafiq dərmanların olduğundan əmin olmalı və həkimə müraciət edərək vəziyyəti ilə bağlı məlumat verməlidirlər.

Zəlzələnin insanları sarsıtması təbii haldır. Psixoloji baxımdan möhkəm olmağa çalışmaq lazımdır. Uşaqlar təbii fəlakətdən daha çox təsirlənirlər. Onlarla danışmaq və yaranmış narahatlıq hissi ilə mübarizə aparmalarına kömək etmək gərəkdir" - məlumatda qeyd edilib.