Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi isə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, təhsil eksperti Elşən Qafarov "Operativ Media"ya açıqlamasında məsələyə münasibət bildirib.

O deyib ki, bütün peşə sahələri üzrə peşəkarlığın müəyyən edilməsi ilə bağlı imtahanlar keçirilməlidir:

"Son vaxtlar ən çox şikayət olunan taksi xidmətləri sahəsidir. Nəzərə almaq lazımdır ki, hər maşın sürə bilən şəxs taksi kimi fəaliyyət göstərə bilmir. Necə ki, hər maşın sürə bilən avtobus sürə bilmədiyi kimi və s. O cümlədən də sürücülük ilə bağlı peşəkarlığın müəyyən edilməsi çox doğru addımdır. Çünki bu sahədə ciddi boşluqlar var. Ümumiyyətlə, taksi fəaliyyətinə yararsız insanların kütləvi şəkildə taksi sürücüsü kimi fəaliyyət göstərməsi həm sahənin nüfuzunu aşağı salır, həm də qəzaların çoxluğuna, xidmət zamanı vətəndaşlara qarşı müəyyən neqativ halların yaşanmasına gətirib çıxarır. Bu baxımdan həyata keçirilməsi gözlənilən bu tədbirlər alqışlanmalıdır. Çünki həm də bu tədbirlər çox humanistdir".

Ekspertin sözlərinə görə, imtahana düşəcək suallar sürücülərin davranış qaydaları və onların peşəsi ilə bağlı olacaq.