Gələn il kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 110 milyon manat vəsait ayrılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu vəsaitin 507 milyon manatı su ehtiyatının səmərəli istifadəsinə xərclənəcək: “2024-cü ildən dövlət büdcəsindən sahibkarlığın inkişafına bir sıra maliyyə alətləri ilə dəstək verilməsi nəzərdə tutulur. İqtisadi sektora və sahibkarlığın inkişafına 100 milyon manat, işğaldan azad edilmiş ərazilərdə istifadə ediləcək kommunal xərclər üçün 35 milyon manat vəsait ayrılacaq. Müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası ilə yanaşı 2024-cü ildə dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artırılması, xarici ölkələrə, beynəlxalq təşkilatlara yardımların göstərilməsi üçün büdcədən vəsait ayrılması nəzərdə tutulub. Diplomatik nümayəndəliklərin xərcləri 7 %-dən çox artırılıb. Xaricdə yaşayan Azərbaycan diasporuna dəstək tədbirləri üçün 14 milyon manat vəsait ayrılacaq”.