Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb.

İqtisadiyyat.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, əməkdaşlığa dair Yol Xəritəsi iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiyanın Tatarıstan Respublikasının “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov arasında keçirilən görüş zamanı imzalanıb.

Yol Xəritəsini SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov imzalayıblar.

Sənəd şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlığı nəzərdə tutur.

Görüşdə, həmçinin “Tatneft” PSC ilə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə olunub. Müzakirələr zamanı şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, energetika sahəsində əməkdaşlıq imkanlarına baxılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.

***

14.55

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Tatneft” şirkəti energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “Tatneft” şirkətinin baş direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının prioritet istiqamətləri, energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi apardıq. Görüş çərçivəsində SOCAR və “Tatneft” şirkətləri arasında imzalanmış əməkdaşlığa dair Yol Xəritəsinin icrası tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək”, - deyə M. Cabbarov bildirib.