“Azərbaycanda da sığorta sektorunun inkişafına risklərin yüksək olması, inhisarçılıq, təmərküzləşmə, sığorta biliklərinin aşağılığı, kapitallaşma və s. əsas maneələrdir”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Sığorta mübahisələrinin uğurlu həlli yolları”  elmi-praktik konfransında çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, sığorta iqtisadi və sosial həyata güvən və fond yaratma qabiliyyəti ilə kapital bazarlarının inkişafına təkan verir:

“Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər Sənədi”nə əsasən sözügedən sektorda 2026-ci ilə qədər "Sığorta sektorunda risk əsaslı nəzarət və tənzimləmə çərçivəsinin güclənməsi" və "Sığorta bazarının inkişaf etməsi və dayanıqlığının artması" kimi yekun nəticələr hədəflənib. İndiki şəraitdə sığorta mübahisələrinin Mediasiya müstəvisində həlli təşəbbüsləri  hər iki hədəfə çatmaqda mühüm platformalardan biri ola bilər. 

Strategiya çərçivəsində sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri vasitəsilə sığorta bazarının həcminin hər il 10% artması kimi ölçüləbilən hədəflər qarşıya qoyulub”.

Gülşən Şərif