"Məşğulluq imkanlarının inkişaf etdirilməsi baxımından qəbul edilən yeni konsepsiya keyfiyyətli və vaxtında icra olunmalıdır. Bu konsepsiyanın tələbi də ondan ibarətdir ki, karyera məsləhətçiləri formalaşdırılmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hər bir işsiz və işaxtaranla fərdi iş aparılmalıdır: "Əsas da həssas kateqoriyadakı gənclərin peşəyə cəlb olunmasındakı ilk addımın düzgün istiqamətlənməsi önəmlidir. Bu sahədə çoxsaylı layihələr həyata keçirilir. Bunun əhatə dairəsi və çeşidləri mütəmadi yenilənməlidir".

O qeyd edib ki, hər il təxminən 100-120 min məzuna peşə yönümlü məsləhət verilir və bu say artırılmalıdır: "Müvafiq proqramlar hazırlanıb. Bu sahədə təhsil müəssisələri ilə əməkdaşlıq daha da genişləndirilməlidir. Məktəblərin yuxarı siniflərində daimi peşə yönümlü sessiyalar keçirilə bilər. İlk addım nə dərəcə düzgün icra olunsa onların məşğulluğu cəlbi sürətlə təmin edilə bilər".