Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ildə 15.51 milyon manat xalis mənfəət əldə edib. Bu isə əvvəlki illə müqayisədə 11,7% və ya 2,2 milyon manat azdır.

İqtisadiyyat.az bu barədə Fondun illik audit hesabatına istinadən xəbər verir. SİF 2021-ci ildə 17.68 milyon manat xalis mənfəət açıqlamışdı.

SİF 2022-ci ildə faiz gəliri 13.31 milyon manat, əməliyyat gəlirləri isə 14,4 milyon manat təşkil edib. Bu isə 2021-ci ilə nisbətən müvafiq olaraq 14,6% və 1,4% çoxdur. Fondun əməliyyat xərcləri 10% artaraq 6,7 milyon manata, mənfəət vergisi ödəmələri 39,5% artaraq 1,13 milyon manata bərabər olub. Xərclərin gəlirlərə nisbətən daha çox artması SİF-in ötən ilə nisbətən daha az mənfəət əldə etməsinə təsir edib.

Bu il yanvarın 1-nə Fondun akitvləri 13% artaraq ötən il ərzində 842 mln. manatdan 952 mln. manata yüksəlib. Artımın əsas faktoru pul vəsaitlərinin 3.6 dəfə artımla 144 mln. manata yüksəlməsi, investisiya kağızlarının 79% artaraq 34 mln. manata, bankdakı depozitlərin 10% artaraq 66 mln. manata bərabər olmasıdır. Əsas fəaliyyəti kredit təşkilatlarına verdiyi kreditlərdir ki, bu portfel illik 2% azalaraq 699 milyon manata enib.