Rusiya parlamentinin aşağı palatası Duma lüğətlərə daxil edilməyən və rus dilində alternativi olan əcnəbi sözlərin dövlət səviyyəsində istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.


İqtisadiyyat.az xəbər verir ki, layihəyə əsasən, Rusiya Hökuməti Rus Dili Komissiyasının təqdim etdiyi təkliflər əsasında normativ lüğətlərin siyahısını hazırlayacaq.


Qanun layihəsinin mətnində vahid çoxmillətli Rusiyanın dövlət dili kimi rus dilinin birləşdirici rolu qeyd edilir, dövlət dilindən istifadənin məcburi olduğu sahələr qeyd olunur.


Dumanın bəyanatında qeyd olunub ki, qanun layihəsindəki normalar rus dilini həddindən artıq əcnəbi sözlərin istifadəsindən qorumaq məqsədi daşıyır.


Bildirilib ki, qanun layihəsi vətəndaşların ümumi savadlılıq səviyyəsini, dövlət dilindən istifadənin düzgünlüyünü yüksəldəcək, qrammatika kitablarının və lüğətlərin “birləşmiş korpusu”nun hazırlanmasında keyfiyyətə nəzarəti təmin edəcək, bütün vəzifəli şəxslər tərəfindən tələblərə əməl olunmasını təmin edəcək.