Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.

"Rusiya Xarici İşlər Nazirliyinin nota mübadiləsi yolu ilə Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında Rusiyanın Ermənistanın Qafan şəhərində Baş konsulluğunun yaradılması haqqında saziş bağlamaq təklifini qəbul edin", - sənəddə deyilir.

Rusiya Federasiyasının Qafandakı Baş Konsulluğu Ermənistanda ikinci olacaq. Birincisi Gümrüdə yerləşir.

Oktyabrın sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Moskva Qafanda konsulluq açmaq istəyini ifadə edib və İrəvan bununla razılaşıb. 

Qeyd edək ki, Qafan Azərbaycanla həmsərhəd ərazidə yerləşir.