"Rusiya taxıl müqaviləsinə qayıtmağa hazırdır, ancaq bu şərtlə ki, Rusiyaya verilən bütün vədlər yerinə yetirilsin".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİCS sammitində çıxışı zamanı bildirib.

"İyulun 18-dən biz bu qondarma sövdələşmənin müddətini uzatmaqdan imtina etdik. Lakin biz müqaviləyə qayıtmağa hazırıq, ancaq o şərtlə ki, Rusiya tərəfinə verilən bütün vədlər yerinə yetirilsin", - Putin qeyd edib.

Putin Rusiyanın xaricə taxıl və gübrə tədarükünə qəsdən əngəl törədildiyini, eyni zamanda onu dünya bazarında mövcud böhran vəziyyətinə səbəb olmaqda ittiham edildiyini vurğulayıb. 

Rusiya prezidenti bildirib ki, bu söhbətlər əvvəlcə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıq təhlükəsinin azaldılması və ən yoxsul ölkələrə kömək məqsədi daşıyan taxıl sazişinin həyata keçirilməsində özünü göstərib.

“Biz dəfələrlə ona diqqət çəkmişik ki, il ərzində Ukrayna ilə müqavilə çərçivəsində ümumilikdə 32,8 milyon ton yük ixrac edilib ki, bunun da 70%-dən çoxu yüksək və yuxarı orta gəlir səviyyəsi olan ölkələrə gedib. İlk növbədə, Avropa İttifaqına. Yalnız təxminən 3%-i ən az inkişaf etmiş ölkələrə gedib, yəni 1 milyon tondan azı”, - deyə o, statistikaya istinad edib.