Rusiyanın "Luna-25" Ay missiyası təsdiqlənməmiş məlumatlara görə, Ayın səthi ilə toqquşduqdan sonra məhv olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın “Roskosmos” Dövlət Kosmik Korporasiyası məlumat yayıb.

Agentlik xatırladıb ki, avqustun 19-da missiyanın Ayın elliptik orbitinə enməsi planlaşdırılıb.

"Lakin təxminən 14:57-də "Luna-25" missiyası ilə əlaqə kəsilib", - Roskosmos bildirib.

"İlkin təhlilin nəticələri göstərir ki, hərəkət manevrinin faktiki və hesablanmış parametrləri arasında fərqlər "Luna-25" kosmik gəmisinin təyin olunmamış nöqtəyə hərəkətinə səbəb olub və Ayın səthi ilə toqquşmadan sonra o, fəaliyyətini dayandırıb", - Roskosmos qeyd edib.

Agentlik əlavə edib ki, xüsusi idarələrarası komissiya artıq Rusiyanın Ay kosmik gəmisinin qəzaya uğramasının səbəbini araşdırır.