“Medial Dental” MMC sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozduğuna görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş diş klinikası ilə bağlı müraciətə baxılıb.

Hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

MMC-nin barəsində protokol tərtib olunan maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.