Bu həftə qərarını açıqlayan dünyanın aparıcı mərkəzi bankları inflyasiyanı öz iqtisadiyyatları üçün koronavirusdan daha böyük təhlükə olaraq görürlər.
Pul siyasəti orqanlarının son 2 ildə ən böyük mübarizəsi pandemiyanın iqtisadi artıma və məşğulluğun mənfi təsirinə məruz qalmaması üçün tədbirlər həyata keçirməsi olub. İndi bu prioritetlər dəyişib. Avropa və ABŞ rəsmiləri qiymət artımı ilə mübarizəni ön plana çıxarırlar. Beləliklə, İngiltərə Bankı dünən pandemiyadan sonra ilk dəfə faiz dərəcələrini artıran ilk G7 ölkəsi oldu. FED çərşənbə günü keçirilən iclasda gələn il üç dəfə faiz artıra biləcəyinə işarə edib.

Avropa Mərkəzi Bankı həmçinin mart ayında təcili aktivlərin alınması proqramını dayandıracağını bəyan edib. Prezident Kristin Laqard cəmiyyətin pandemiya dalğası ilə daha yaxşı mübarizə apardığını və pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin də azaldığını bildirib.