İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Türkiyə standartları əsasında AZS TS 11848:2024 "Zərgərlik xidmətləri - Ümumi qaydalar" və AZS TS 12376:2024 "Zərgər - İstehsal - İşçilər üzrə tələblər" yeni dövlət standartları qəbul edilib.

Yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi qaydaları və zərgərlik peşəsini, bu peşə ilə məşğul olanların təsnifatını, istifadə olunan alətləri, vasitələri və avadanlıqları, həmçinin hər bir sinfə aid olan işçinin zərgərlik peşəsi ilə əlaqədar yiyələnməsi vacib olan bilikləri, bacarıqları, rəftar və davranışları əhatə edir.

Yeni dövlət standartları "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 36) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədləri Dövlət Fonduna daxil edilib.

Bəs bu standartlar qızıl bazarına necə təsir edəcək?

İqtisadiyyat.az xəbər verir ki, suala aydınlıq gətirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.media-ya bildirib ki, bu qərar zəruri olsa da, kafi deyil:

"Ona görə ki, istehlakçılar məhz satış məntəqələrində aldadılırlar. Zərgərlərin əxlaq kodeksini yaradırlarsa, qoy olsun. Amma illər əvvəl Azərbaycanda Əyar Palatası mövcud idi. Bu palata satışda olan qızılları test edir, sonra üzərinə rombvari işarə vururdu. Ona görə də istehlakçılar üzərində bu işarə olan məhsullara inanırdılar.

Əyar Palatası artıq səkkiz ildir ki, ləğv olunub. İndi qızıl bazarına heç bir nəzarət yoxdur. Üstəlik, Nazirlər Kabinetinin 134 saylı qərarı qızıl və digər daş-qaşlar dəyişdirilən, qaytarılan mallar siyahısında deyil. Ona görə də bu sahədə özbaşınalıq var".

Eyyub Hüseynov deyir ki, Əyar Palatasına bənzər bir qurumun yaradılması çox vacibdir:

"Bazara daxil olan bütün qızıl məmulatları həmin qurum tərəfindən yoxlanılmalıdır. Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları da bu sahəni nəzarətə götürməlidirlər. Çünki bazarın bu seqmentində çox böyük qanun pozuntuları var. Ümid edirəm ki, İqtisadiyyat Nazirliyinin növbəti addımı qızıl bazarına nəzarət edəcək bir qurumun yaradılması olacaq".