Bu gün saat 11:30 radələrində 1960-cı il təvəllüdlü Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili ilə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı iki minik avtomobilinə dəyib, daha sonra isə körpüdən aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, hadisə yerinə dərhal polis və FHN-in əməkdaşları cəlb olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Avtomobildə sıxılı vəziyyətdə qalan M.Quliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

16:27

Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verməsi nəticəsində yanacaq daşıyan avtomobil körpüdən aşıb.

Fövqəladə Hallar Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.