Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa, əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğulayıb. İqtisadiyyat.Az xəbər verir ki, millət vəkili öz çıxışını feysbuk profilində paylaşıb. O, bildirib ki, limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. “Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir”.

Deputat həmçinin dayanacaqların təmizliyinə fikir verilməməsindən və piyada zolaqlarının qısa müddət ərzində itib yoxa çıxmasından söz açaraq, məsləni diqqət mərkəzinə gətirib. “Əvvəlllər dayanacaqların təmizliyi, yollarda piyada zolaqlarının çəkilişi nisbətən normal qaydada tənzimlənirdi. İndi bu səlahiyyət aylardır Bakı Nəqliyyat Agentliyinə verilib, artıq nə dayanacaqlar yuyulur, nə də pozulmuş zolaqlar bərpa olunur. Ancaq dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini bitirmiş hesab edirlər, halbuki ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə göstərməyə laqeyd yanaşırlar. Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər. Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm, içinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər”.