Yeni dəyişikliyə əsasən, may ayının 1-dən etibarən smart kart qaz sayğaclarında aparılan ödənişlər limiti keçən istehlakçılar üçün əvvəlki tariflə, yəni 10 qəpiklə hesablanır. 

Lakin limiti keçmiş bəzi sakinlər yeniliyin tətbiq edilmədiyi və tariflərin hər kubmetrinin 10 qəpikdən yox, 20 qəpikdən hesablanması ilə bağlı şikayət ediblər. 

Redaktor.az-ın məlumatına əsasən, məsələylə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov isə Lent.az-a açıqlamasında qeyd edib ki, hər hansısa vətəndaş limitdən kənarda qala bilməz və 1700 kubmetri keçən istehlakçılar onlar üçün əlavə edilən limitdən mütləq şəkildə istifadə edə bilməlidirlər:

"Əvvəlki limiti keçən istehlakçılar üçün bu ilin sonunadək 500 kubmetr əlavə edilməli, yeni qaydalara əsasən 1700 kubmetrdən sonra istifadə edilən hər kubmetr də 10 qəpikdən hesablanmalıdır. Əgər vətəndaş qazdan istifadə edərək, limitin artırılmadığını görürsə, deməli, burada problem var. Bununla bağlı isə "Azəriqaz”a müraciət etmək lazımdır”.

Yaranan narazılıqla bağlı "Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, hazırda qaz sərfiyyatınının hesablanması məqsədi ilə proqram təminatında yenilənmə işləri aparılır:

"Bu səbəbdən də 1700 kubmetri, yəni əvvəlki limiti keçmiş abonentlərin smart kart qaz sayğaclarına may ayının 10-dək 500 kubmetr (50 AZN) əlavə ediləcək. Bundan sonra isə onlar qaz tarifinin hər kubmetri üçün 10 qəpik ödəyəcəklər.

Bir daha bildirirəm ki, bütün işlər mayın 10-dək tamamlanacaq və bütün problemlər aradan qaldırılacaq”.

Xatırladaq ki, bu il aprelin 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib. 

Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanacaq. ( anews.az )