İsrail ordusunun Qəzza zolağında dərinləşən əməliyyatları yəhudi dövlətini anklavda saxlanılan girovların azad edilməsi üçün "real razılaşmaya" yaxınlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri İsrailin müdafiə naziri Yoav Qalant ölkənin cənubundakı Julis hərbi bazasında hökumətin iclası zamanı deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu bazada hökumət üzvlərinə hərbçilərin Qəzza zolağında əməliyyat zamanı aşkar etdiyi tapıntılar, o cümlədən HƏMAS hərəkatının silahlı birləşmələrinin istifadə etdiyi silahlar və müxtəlif sənədlər barədə məlumatlar verilib.

"Bu, bizə İDF-nin nə cür kəşfiyyat məlumatlarından istifadə etdiyini göstərir, ancaq bununla kifayətlənmirik. Bu, HƏMAS üçün ən həssas yerlərə nüfuz etdiyimizi göstərir. Biz onların kəşfiyyat məlumatlarından onlara qarşı istifadə edirik. Onların silahlarından onlara qarşı istifadə edirik. Əməliyyatları daha da dərinləşdiririk. Biz girovların qaytarılması ilə bağlı real sövdələşməyə getdikcə yaxınlaşırıq", - Qalant bildirib.