“Devalvasiyadan sonrakı iki ildə kredit qoyuluşunun həcmi azalıb”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

O bildirib ki, 2014-cü ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına, o cümlədən maliyyə-bank sisteminə mənfi təsir edib:

“Devalvasiya-manatın xarici valyutalar qarşısında dəyər itirməsi  vətəndaşlarımızın banklarla münasibətlərində gərginlik yaratdı. Xüsusilə də əmanətlərin banklardan geri çəkilməsi qarşısında  2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbulu maliyyə sabitliyinin və dayanıqlığının əldə olunmasına kömək etdi və  institusional-hüquqi islahatlara təkan verdi.
Lakin əhalinin banklarla qarşılıqlı öhdəlikləri sahəsində yaranan problemlər yalnız əmanatlərin müəyyən hissəsinin sığortalanması, aktivlərin artırılması və sairlə həll oluna bilməzdi”. 

Zahid Oruc vurğulayıb ki, 2015-ci ildə ölkə üzrə kreditləşmənin həcmi rekord səviyyədə- 21,7 milyard manat təşkil edib:

“Devalvasiyadan sonrakı iki ildə isə kredit qoyuluşunun həcmi azaldı. Çünki sistem yaradıcı qurum olan Beynəlxalq Bankın kreditlərinin digər quruma ötürülməsi və bankların iqtisadiyyata pul ayırmasının məhdudlaşdırması öz təsirini göstərdi.  Problemli kreditlərin xüsusi çəkisinin artdığı zaman intervalı 2017-2019-cu illərdə 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, ümumilikdə, 2018-2019-cu illərdə 14,5 milyard manat təşkil edib. Bunun 8,1 milyard manata yaxını biznes kreditləri, 6,4 milyard manatı istehlak kreditləri olub”.

Qeyd edək ki, konfrans Sosial Tədqiqatlar Mərkəzi, Mərkəzi Bank, Mediasiya Şurası və Azərbaycan banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Gülşən Şərif