“Ali Məhkəməyə yeni rəhbərliyin seçilməsi bütün sahələrdə, o cümlədən bank və maliyyə sektoru ilə bağlı mötəbər məlumat bazasının yaradılmasına imkan verəcək”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən elmi-praktik konfransda problemli kreditlərlə bağlı məhkəmə mübahisələrinə toxunan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib. 

Onun sözlərinə görə, problemli kreditlərlə bağlı məhkəmə mübahisələrinin yüksək həddə çatması yalnız devalvasiya ilə bağlı olmayıb:

“Problemli kreditlərin həcminə şəxslərin bankla bağlanan müqavilələri oxumaması, vahid məhkəmə təcrübəsinin yoxluğu, iddiaların müddəti, borcalanın həyatını itirməsi ilə varislik məsələsi, zaminlik sahəsində qaydasızlıq, bağlanan bankların öhdəliklərinin digər subyektlərə ötürülməsi, ər və arvadın ayrılması ilə yaranan yeni hüquqi münasibətlər, bankların iflas proseduruna başlanılması ilə bağlı ərizə və şikayətlərin tərtib olunması kimi amillər də təsir edib.

Prezident İlham Əliyevin məhkəmə sistemində istahatlara dair iki mühüm qərarı-2017 və 19-cu illərdə imzalanan sərəncamlar bir sıra inqilabi hüquqi dəyişikliklərə və cəza sisteminin humanistləşməsinə səbəb olub. Bütövlükdə maliyyə və sosial-iqtisadi siyasətin effektivliyini qiymətləndirmək üçün mötəbər məlumat bazası hələ də yoxdur. Ali Məhkəməyə yeni rəhbərliyin seçilməsi bütün sahələrdə, o cümlədən bank və maliyyə sektoru ilə bağlı mötəbər məlumat bazasının yaradılmasına imkan verəcək. Yalnız o halda daha obyektiv təhlillərin aparılması mümkündür”.

Qeyd edək ki, konfrans Sosial Tədqiqatlar Mərkəzi, Mərkəzi Bank, Mediasiya Şurası və Azərbaycan banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Gülşən Şərif