"Ümumiyyətlə, Prezident Administrasiyasına (PA) daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır".

İqtisadiyyat.az xəbər verir ki, bunu PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

O xatırladıb ki, 2003-2023-cü illərdə Prezident İlham Əliyev tərəfindən bir çoxu sosial-iqtisadi xarakterli olmaqla ümumilikdə 6080-dən çox fərman və 14 min 290-dan artıq sərəncam imzalanıb.

Şöbə müdiri vurğulayıb ki, dövlətimizin başçısı müasir dünyagörüşünə malik, islahatçı lider olmaqla, idarəetmə mexanizminin müasir trendlər əsasında durmadan təkmilləşməsi, ictimai həmrəyliyin güclənməsi üçün çox mühüm təşəbbüslər irəli sürür, vətəndaşa və xalqa xidmətin yeni standartlarını və modellərini müəyyənləşdirir:

"Bu baxımdan 2022-ci ilin martında Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması xüsusi qeyd edilməlidir. Vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması məqsədilə yaradılan mərkəz bu işin təşkili üçün hər cür şəraitə malikdir. Ümumiyyətlə, Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır. Prezident İlham Əliyevə hər gün xeyli sayda minnətdarlıq məktubu ünvanlanır. İnsanların dərin minnətdarlıq duyğularını, həyata keçirilən siyasətdən razılığını əks etdirən səmimi ürək sözləri - məktubları vətəndaş məmnunluğunun əsas göstəricilərindən biri sayıla bilər. Vətəndaşlar Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi, problemlərin həlli üçün görülən işlərə görə razılıq və sevinc hisslərini minnətdarlıq məktubları vasitəsilə dövlət başçısına çatdırmağı öz mənəvi borcları hesab edirlər. Çoxsaylı məktublar həm də ölkə rəhbərinin Azərbaycanın hərtərəfli inkişafı yolunda böyük inamla, qətiyyətlə və əzmkarlıqla həyata keçirdiyi genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərə vətəndaşlar tərəfindən verilən ən yüksək qiymətdir".